IV kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin yekununa həsr olunmuş konfrans

IV kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin yekununa həsr olunmuş konfrans

Mayın 29-da Bakı Slavyan Universitetində (BSU) 16 fevral – 24 may     2018-ci il tarixləri arasında IV kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin yekununa həsr olunmuş konfrans keçirilib.

Konfransa  BSU-nun tədris işləri üzrə prorektoru,  professor Telman Cəfərov moderatorluq edib.  O, pedaqoji və istehsalat təcrübəsi barədə bir sıra məlumatlar verdikdən sonra sözü BSU-nun rektoruna verib.

Konfransda çıxış edən professor Nurlana Əliyeva gənclərə pedaqoji və istehsalat təcrübəsində qazandıqları biliklərin onların gələcəkdə çalışacaqları qurumlarda lazım olacağını qeyd edib. O, tələbələrə gələcəkdə təhsil aldıqları universitetin adını daim uca tutmağı, intizamlı, işə münasibətdə məsuliyyətli olmağı tövsiyə edib. Professor Nurlana Əliyeva Ulu öndər Heydər Əliyevin qoyub getdiyi milli-mədəni irsi davam etdirməyin hər bir Azərbaycan vətəndaşının qarşısında duran vacib vəzifə olduğunu vurğulayıb və  tələbələri daim bu mövqedən çıxış etməyə dəvət edib. Rektor əvvəlki illərin təcrübəsindən çıxış edərək çox vaxt məzunların istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz sahibi olduqlarını diqqətə çatdırıb.

 

 

Təcrübə və tələbələrin karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov istehsalat və pedaqoji təcrübənin keçirildiyi təşkilatlar, təcrübənin gedişatı və digər məsələlər barədə hesabatla çıxış edib. O, qeyd edib ki, tələbələr bu il Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunda, ASAN Xidmətdə, Milli Məclisdə, Dövlət Miqrasiya Xidmətində, Mərkəzi Seçki Komitəsində, Heydər Əliyev Mərkəzində, “Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətində, Bakının orta təhsil müəssisələrində, o cümlədən qeyri-hökumət təşkilatlarında pedaqoji və istehsalat təcrübəsi keçərək bir çox uğurlara imza atıblar.

 

Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov təcrübə rəhbəri kimi, təcrübədə olduğu müddətdə Bilik Fondunda BSU tələbələrinə yaradılan şəraitdən geniş söz açaraq, Bilik Fondunun rəhbərliyinə, həmçinin bütün əməkdaşlarına öz minnətdarlığını bildirib.

Ən sonda professor Telman Cəfərov universitetin gələcək fəaliyyətində müəyyən təhlillərin nəticələrinin nəzərə alınmasının vacibliyini qeyd edib.