Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə bütün Şərq bölgəsində nadir ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən ali məktəb – Bakı Slavyan Universiteti yaradılmışdır. Qısa müddət ərzində  BSU yüksək ixtisaslı, peşəkar kadrlara, tədris və elmi potensiala, müasir infrastruktura malik çoxşaxəli tədris müəssəsinə çevrildi. Bu gün Bakı Slavyan Universiteti unikal təhsil və mədəniyyət mərkəzi kimi bölgədə slavyan xalqlarının mənəvi dəyərlərini tədqiq və təbliğ edir. Burada rus, slavyan dilləri və ədəbiyyatı üzrə ciddi tədqiqatlar həyata keçirilir, təkcə Respublikamız üçün deyil, həm də bir çox Şərq ölkələri üçün yüksək ixtisaslı kadrlar hazırlanır. Hal-hazırda universitetin rektoru Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, filologiya üzrə elmlər doktoru, professor Nurlana xanım Əliyevadır.

Hal-hazırda universitetdə 26 kafedra fəaliyyət göstərir. Burada tədris prosesi 7 fakültədə (filologiya, pedaqoji, tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq, Azərbaycan filologiya və jurnalistika, magistratura və əcnəbi tələbələrlə iş üzrə) qiyabi, əyani və əlavə təhsil şöbələrində aparılır. Universitetdə ümumi olaraq 3250-dən çox tələbə öz təhsilini davam etdirir.

Universitetin iki tədris korpusu, 4 yataqxanası var. Hal-hazırda 1-i fəaliyyət göstərir. Kafedralarla yanaşı, 5 elmi-tədqiqat laboratoriyası,  9 tədris-mədəniyyət mərkəzi, idman və akt zalları, tədris otaqları vardır. Bundan əlavə dərslərin yüksək səviyyədə keçirilməsi üçün otaqlar müasir kompüter, elektron lövhə, proyektor və başqa lazımi avadanlıqlarla təchiz  edilib.