Tələbəlik – həyata müstəqil addım atan insanın ilk çıxdığı yoldur ki, bu yol həmin insanın inkişaf edib – etməməsinin əsasını təşkil edir. Bu dövr ərzində insan gələcək planlarını qurmalı, qarşısına məqsədlər qoymalı və bu məqsədlərə doğru hərəkət etməlidir. Uzun sözün qısası, tələbəlik mübarizələrlə dolu həyata hazırlıq dövrüdür.
Universitetimiz indini və gələcəyi özündə birləşdirən “Tələbə həyatı” strategiyası yaradıb. Bu hədəflərdə əsas məqsəd maraqlı, parlaq və həyat dolu tələbə həyatı yaşanmasını təmin etməkdir. Belə ki, tələbələrin asudə vaxtının səmərəli istifadəsi üçün bütün şəraitlər yaratmaqla yanaşı, tələbələrin idarəetməyə cəlb edilməsi, onların hüquq və maraqlarının hərtərəfli müdafiəsi, təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı özfəaliyyətinin inkişafları üçün dəstək göstərilir. Tələbələr təkcə dərslərdə olan fəallığı ilə yox, həmçinin müxtəlif sosial sahələrdə də aktivliyi ilə seçilir. Bundan əlavə universitetin əsaslı kitabxanası və internet şəbəkəsi vardır. Hər iki tədris korpusunda oxu zalları, kitabxana və kompüter otaqları da tələbələrin ixtiyarına verilir.
Tələbələrin yeni texnologiyalara, layihələrə, yarışlara marağı da universitetin əsas məsələləri sırasındadır. Bunun nəticəsidir ki, son vaxtlar universitetdə bunlarla bağlı tədbirlərin sayı artır. Tələbələrimizin bu kimi yarışlarda iştirakı üçün universitet hərtərəfli imkan yaradıb, dəstək göstərir.
Bakı Slavyan Universitetində aşağıda qeyd olunan tələbə təşkilat və klubları müvəffəqiyyətlə fəaliyyət göstərir:
- Tələbə Xeyriyyə Fondu
- Gənc Diplomatlar Klubu
- BMT Modeli UN
- Tələbə Psixoloqlar Klubu
- Xarici Tələbələrlə Dostluq Klubu
- Gənc Jurnalistlər Klubu
Tələbə Xeyriyyə Fondu – 08.10.2013-ildə elmi şurada təsdiq olunmuş tələbə təşkilatıdır. Təşkilatın əsas məqsədi maddi və mənəvi köməyə ehtiyacı olan tələbələrə dəstək olmaq, tələbə həyatının diqqətini sosial və xeyriyyə işlərinə çəkmək, kimsəsiz insanların qorunması, valideyn himayəsindən məhrum olmuş uşaqların və yeniyetmələrin maariflənməsi istiqamətində tədbirlərin, seminarların təşkilini həyata keçirməkdir. Məhz bu səbəblə Ümid Uşaq Evi ilə il ərzində hər şənbə könüllü şəkildə tələbələrimiz kurslar (İbtidai sinifə hazırlıq,rus dili,ingilis dili, rəssamlıq) təşkil edir.
Gənc Diplomatlar Klubu – Klub əvvəllər Diplomatiya və Xarici siyasət kafedrasının nəzdində dərnək kimi fəaliyyət göstərirdi. 21.10.2016-ci il tarixində klub kimi fəalliyətə başladı. BSU-da təhsil alan gənc diplomatların elmi fəaliyyətinin təşkilinə yardım edilməsi üçün yaradılan təşkilatdır. Klubun fəaliyyəti elm və təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, BSU Nizamnaməsi ilə tənzimlənir. Əsas məqsədi gənc diplomatların siyasi və peşekarlıq səviyyələrinin yüksədilməsi, dünyada və ölkəmizdə aktual siyasi problemlərin müzakirəsidir. Təşkil olunan seminarlarda, konfranslarda BSU-nun ayrı –ayrı fakültələrində təhsil alan tələbələrin iştirakını koordinasiya edir. Digər ali təhsil müəssisələri ilə əlaqə yaradır, birgə tədbirlərin təşkil edir.
BMT Modeli UN – Klub BMT İnkişaf Proqramı Gənclər və İdman nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən BMT modelinin nəzdində yaranan şəbəkədir. Klubun əsas məqsədi dil (ingilis dili) biliyi olan tələbələrin qrup şəklində işləmə bacarığının gücləndirilməsi, elmi praktik mübadilə proqramlarında, konfranslarda iştirakını təmin etməkdir.
Tələbə Psixoloqlar Klubu – Tələbə Pxisoloqlar Klubu psixoloji elmin müasir imkanlarından bəhrələnərək tələbələrin müsbət şəxsi inkişafını, onların öz qabiliyyətlərini, potensial imkanlarının həyata keçirilməsinin təmin olunmasını nəzərdə tutaraq, BSU-nun Pedaqoji fakültəsinin tabeliyində yaradılmışdır. Psixoloji baxımdan tələbələr arasında əlaqələrin gücləndirilməsi, qrup şəklində işləmək qabiliyyətinin inkişafı və psixoloji maarifləndirmə işlərinin aparılması məqsədi daşıyır.
Xarici Tələbələrlə Dostluq Klubu – BSU-da Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərir. Əsas məqsədi xarici universitetlərlə, xarici tələbələrlə dostluq əlaqələrini genişləndirmək, onlayn (distant) elmi-praktik konfransları təşkil etmək, bu istiqamətdə ölkədaxili və ölkəxarici təcrübə mübadiləsi aparmaq, fəaliyyəti koordinasiya etməkdir.
Gənc Jurnalistlər Klubu – Klubun əsas məqsədi fərqli ixtisaslarda tədris alan, jurnalistikaya həvəsi olan tələbələrin jurnalist kimi formalaşmasına yardım etmək, onları maarifləndirmək, həvəskar tələbələrə jurnalistikanın sirrlərini, nəzəriyyəsini və proqramların öyrədilməsi üçün praktik olaraq şərait yaratmaq, radio və kanallarla ilkin tanışlıq və saytlarda işlə təmin olunmalarına köməklik göstərməkdir.
Tələbələrin bu təşkilat və klublardakı uğurları, aktiv fəaliyyəti Azərbaycan mediasında da öz əksini tapır.
Bundan əlavə, tələbələr bir sıra fakültələrarası debatlarda fəal iştirak edirlər. Hər ayın sonu tələbələrlə birgə səyahətlər keçirilir. Muzeylərə, sərgilərə səfərlər təşkil olunur.
Fakültəyə aid olan klublar da fəaliyyət göstərir. Burada tələbələrimiz aktiv şəkildə iştirak edirlər. Belə ki, bu klublar aşağıdakılardır:
- “Ədəbiyyat klubu”
- “Tərcüməçilər klubu”
Ədəbiyyat klubu – tələbələrin sənətə, ədəbi əsərlərə olan maraq dairəsini genişləndirmək, ədəbi qabiliyyətlərini inkişaf etdirmək və yaradıcılıq qabiliyyətlərini ortaya çıxarmaq üçün yaradılan klubdur.
Klubun əsas məqsədi seminarların təşkili, kitab təqdimatları, müxtəlif layihələr və endirimli kitab yarmarkalarının təşkilidir. Klub üzvləri asudə vaxtlarında müntəzəm olaraq ədəbi əsərləri və ədəbi əsərlərin əsasında çəkilmiş filmlərin müzakirəsini, muzey və sərgilərə ekskursiya təşkil edirlər.
Tərcüməçilər klubu – bu klub “Tərcümə” fakültəsinin nəzdində yaradılmış tələbə klubudur.
Əsas məqsədi elmi-praktik konfranslarda iştirak edən xarici qonaqları qarşılamaq və gün ərzində onlarla birlikdə tərcüməçi qismində iştirak etməkdir. Tələbələrimiz yeri gəldikdə konfrans bitdikdən sonra qonaqlarla birgə muzeylərə, sərgilərə səfərlər də edirlər.
Əgər siz də gələcəyinizə fayda verib, tələbəliliyi doya-doya yaşamaq istəyirsinizsə, Bakı Slavyan Universiteti əsl sizin yerinizdir!