Məzun gününə həsr olunmuş tədbir

Məzun gününə həsr olunmuş tədbir

İyunun 21-də Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan, Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, professor Şahlar Əsgərov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Əvvəlcə BSU-nun foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə BSU-nun rektoru, professor Nurlana Əliyeva  açmışdır. O, 2018-ci ili uğurlu il adlandırıb. Rektor Ümummilli lider Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünün, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaranmasının 100 illiyinin 2018-ci ilə təsadüf etdiyini bildirib. O, bu əlamətdar hadisələrin bu il məzun adı alan tələbələrin gələcək uğurlarına işarə olduğunu diqqətə çatdırıb.

Sonra N.Əliyeva valideynləri, universitetin professor-müəllim heyətini, magistr və tələbələri məzun günü münasibətilə təbrik edib. Nurlana Əliyeva dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edib.

Məzun adı alan tələbələr də öz növbələrində universitetdə yaradılmış şəraitə görə rektor Nurlana Əliyevaya minnətdarlıqlarını bildirib. Gənclər universitetdə çalışan professor-müəllim heyətinin tələbələrə göstərdikləri qayğını yüksək qiymətləndirərək bu illərin heç bir zaman unudulmayacağını qeyd ediblər.

Tədbir geniş konsert proqramı ilə davam edib. Respublikanın xalq artisti Yalçın Rzazadə, əməkdar artist Rəşad İlyasov geniş musiqi çələngi ilə tədbirə maraq qatıblar.

Konsertdə universitetin “Arzu” rəqs ansamblının təqdimatında rəqslər nümayiş olunub, tələbələrin ifasında mahnılar ifa edilib.

Əsgər gedəcək məzunlar əsgər marşı, şeir və vətənpərvər ruhlu mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər.

Sonda məzunların ifasında “Əlvida,  BSU” mahnısı ilə konsert proqramı başa çatıb.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *