Bakı Slavyan Universitetinin kitabxanası 1946-cı ildən fəaliyyətə başlayıb. Əsas tədris korpusu ilə yanaşı, II tədris korpusunda da qiraət zalı və tədris ədəbiyyatı şöbəsi fəaliyyət göstərir. Kitabxananın 4 şöbəsi var:

komplektləşdirmə və kitabların elmi-texniki işlənməsi şöbəsi;

– məlumat-biblioqrafiya şöbəsi;

– tədris ədəbiyyatı şöbəsi;

– elmi-bədii ədəbiyyat şöbəsi.

Kitabxananın ümumi fondu – 530.000 nüsxədən çoxdur. 2014-cü ildə buraya 4.032 nüsxə kitab daxil olub. Bunlardan 554 nüsxə elmi, 1423  nüsxə dərslik, 780 nüsxə bədii ədəbiyyat olub.

Kitabxana fondunun böyük hissəsi rus dilində olan kitablardır. Burada həmçinin Azərbaycan, ingilis, yunan, polyak, slovak, çex, türk, alman, fransız, ukrayna və s. dillərində olan ədəbiyyatlar var.

Cari tədris ilində yeni ixtisaslar üzrə elmi-metodiki ədəbiyyatlar əldə olunub, tədris ehtiyacları üçün vacib olan xarici mətbuat orqanlarının abunəsinə diqqət yetirilib.

Ədəbiyyat kafedraları ilə birgə kitabxana 10 ildən artıq bir müddətdə universitetdə reallaşmaqda olan və bütün fakültələri əhatə edən “Bədii oxu” layihəsinə də dəstək verir.

Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir. Fonda daxildir:

  • Dərsliklər;
  • İctimai-siyasi ədəbiyyat;
  • Elmi ədəbiyyat;
  • Bədii ədəbiyyat;
  • Xarici ədəbiyyat;
  • Dövri-mətbuat nəşrləri.

Kitabxananın üç qiraət zalı və jurnal fondu var. Qiraət zalları kompüterlərlə təchiz olunmuş və internet şəbəkəsinə qoşulmuşdur. Bundan əlavə, kitabxanada “Yunan ədəbiyyatı zalı” fəaliyyət göstərir.

Kitabxana universitetin professor-müəllim heyətinə, aspirant və dissertantlara, magistrantlara, tələbələrə və digər oxucu qruplarına xidmət edir. Fondda əsasən humanitar elmlərə dair kitablar toplanmışdır. Son illərdə universitetin profilinin işlənməsilə əlaqədar olaraq yeni ədəbiyyatın alınmasına xüsusi diqqət yetirilir.

Kitabxanada əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlər və sərgilər keçirilir.

Kitabxana universitet əməkdaşlarının 2000-2005 -ci illərdə nəşr olunmuş əsərlərinin biblioqrafik göstəricisini tərtib etmişdir. 2004-cü ildən BSU-nun kitabxanası  “Azərbaycan  Kitabxana İnformasiya Konsorsiumu” nun üzvüdür və xarici jurnallardan internet vasitəsilə istifadə etmək hüququna malikdir.