İstehsalat təcrübəsi – tələbələrin bütün təlimlərinin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər başa çatdıqdan sonra həyata keçirilir. Bu təcrübənin əsas məqsədi tələbələrimizin ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdir.

Bu təcrübəni keçirməkdə məqsəd odur ki,  tələbələr yeni texnologiyalar, iş üsulları, elmi-tədqiqatlarla tanış edilir, onlarda işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişlər aşılanaraq tərcümə sahəsində aldıqları biliklərini möhkəmləndirib və dil vərdişlərinin daha da təkmilləşməsində yardımçı olmaqdır.

Universitetimiz müəyyən istehsalat müəssisələri ilə müqavilə imzalayaraq bu təcrübəni həyata keçirirlər. Belə ki, həmin müqaviləyə əsasən təşkilati-hüquq formasından asılı olmayaraq, həmin istehsalat müəssisələri tələbələrin təcrübə keçmələri üçün ayrıca təcrübə yerləri ayırmalıdırlar.

Təcrübəni keçmək üçün universitetin kifayət qədər iş təcrübəsi olan professor-müəllim heyəti sırasından təcrübə rəhbəri təyin edilir. Rəhbər təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq proqramlarla təmin edir, müəyyən olunmuş müddətdə təcrübənin keçirilməsinə və məzmununa nəzarət edir.

Həmin istehsalat müəssisəsi isə tələbələrin təcrübəsini təşkil edir və keçirir. Tələbələrə təcrübə proqramı əsasında təcrübə yerlərini müəyyən edilir və kifayət qədər təcrübəsi olan işçilər arasından onlara  rəhbər təyin edilir.

“Tərcümə” fakultəsində isə istehsalat təcrübəsi, əsasən, Bakı şəhərində yerləşən dövlət və qeyri-dövlət təşkilatlarında və Bakı Slavyan Universitetinin mərkəzlərində keçirilir.

Və nəticə etibarilə, tələbələr keçdikləri bu istehsalat təcrübəsi nəticəsində müəyyən biliklər əldə edir, dil vərdişlərini və nəzəri biliklərini daha da təkmilləşdirirlər.