Fakültə haqqında

Bakı Slavyan Universitetinin “Tərcümə” fakültəsi  2004-2005-ci tədris ilində  fəaliyyətə başlamışdır.

Fakültənin  məqsədi müasir dövrün tələblərinə uyğun olaraq ictimai-siyasi, iqtisadi, elmi-texniki, ədəbi və mədəni mövzularda tərcümə fəaliyyətini həyata keçirəcək peşəkar mütəxəssislər hazırlamaqdır. Bölmənin tədris planı və fənn proqramları hazırlanarkən bir sıra xarici ölkələrin və Azərbaycanın müvafiq ixtisas sahəsində əldə olunmuş zəngin təcrübəsi nəzərə alınmışdır. Kadr hazırlığı zamanı tələbələrə yiyələndikləri ixtisas üzrə lazımi nəzəri və praktik biliklərlə yanaşı , müasir kompüter texnologiyalarının, əlavə dillərin öyrədilməsinə və müasir elmi dünyagörüşün, davranış qaydalarının, estetik zövqün aşılanmasına xüsusi diqqət yetirilir. Dördillik  proqramımızın ilk iki ilində dil qabiliyyətlərinin inkişafı, dillərin quruluşlarının və mədəniyyət fərqlərinin öyrənilməsi və tərcümə prosesininə istiqamətlənmiş fəaliyyətlərin qiymətləndirilməsi istiqamətində dərslər verilir. Son iki ildə isə daha çox tətbiqi tərcümə proseslərinə üstünlük verilir.

Tərcümə fakültəsində Azərbaycan, rus, ingilis, polyak, çex, bolqar, yunan ukrayna dilləri üzrə yüksək ixtisaslı tərcüməçi kadrları hazırlanır.  2004-2005-ci tədris ilindən etibarən Respublikada ilk dəfə olaraq iki ixtisaslaşma dili üzrə tərcüməçi hazırlığına başlanmışdır ki, bu dillərdən biri slavyan, ikincisi isə Qərbi Avropa dillərindən biridir: rus və ingilis, polyak və ingilis, bolqar və ingilis, Ukrayna və ingilis dilləri və s.  Eyni zamanda fakültədə Azərbaycan, ingilis, yunan dilləri üzrə də tərcüməçi kadrlar hazırlanır.

Fakültədə Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, bir çox xarici ölkələrdən  (Rusiya Federasiyası, Çin Xalq Respublikası, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və s.) olan gənclər də təhsil alırlar. Tələbələrin ümumi sayı 500-dən çoxdur.

Fakültə tələbələri öz ixtisaslaşma dilləri üzrə dərin praktik və nəzəri biliklər alırlar. Yuxarı kurslarda tələbələrin seçimi əsasında tərcüməçilik fəaliyyətinin müxtəlif sahələri (bədii tərcümə, publisistik tərcümə, elmi-texniki tərcümə, şifahi tərcümə və s.) üzrə daha dar ixtisaslaşma aparılır. Bu qruplarda məşğələlər təcrübəli müəllimlərin və peşəkar tərcüməçilərin rəhbərliyi altında keçirilir.

Universitetdə fəaliyyət göstərən müxtəlif ölkələrin tədris-mədəniyyət mərkəzləri, ən müasir tədris avadanlığı və texniki vasitələr tələbələrə zəruri biliklərin aşılanmasına, onlarda peşəkar vərdiş və bacarıqların formalaşdırılmasına xidmət edir.

Fakültədə təhsil alan tələbələr öz ixtisaslaşma dillərinə müvafiq olaraq müxtəlif Avropa ölkələrinin universitetlərində təhsillərini davam etdirmək, yay məktəblərində iştirak etmək və ya staj keçmək imkanına malikdirlər.

Fakültənin tələbələri müxtəlif nazirliklərdə və idarələrdə, qeyri-hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrinin redaksiyalarında və s. istehsalat təcrübəsi keçirlər.

Tələbələrin elmi-tədqiqat işinə cəlb edilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, Fakültənin təşkilatçılığı ilə ənənəvi «Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri» Respublika tələbə elmi-praktik konfransı, başqa mövzular üzrə bir sıra elmi konfrans və seminarlar keçirilir. Respublikanın digər universitetlərində, eləcə də xarici ölkə universitetlərində keçirilən tələbə elmi konfranslarında BSU-nun tərcüməçi tələbələrinin iştirakı təmin edilir.

Hazırda Tərcümə fakültəsində aşağıdakı dillər üzrə mütəxəssis hazırlığı aparılır:

  • Tərcümə (ingilis dili)
  • Tərcümə (Azərbaycan və rus dilləri)
  • Tərcümə (yunan dili)
  • Tərcümə (bolqar dili)
  • Tərcümə (çex dili)
  • Tərcümə (ukrayna dili)
  • Tərcümə (polyak dili)
  • Tərcümə (rus və Azərbaycan dilləri)

“Tərcümə” fakültəsinin  dekanı – Filologiya üzrə elmlər doktoru, professor Fidan Afad qızı Qurbanova.