Əlavə təhsilə aşağıdakılar  daxildir:

  • İxtisasartırma;
  • İxtisasdəyişmə;
  • Stajkeçmə və kadrların təkmilləşdirilməsi;
  • Ustad dərsləri;

İxtisasartırma Bu təhsil əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür.

Əsas məqsədi hər bir tələbənin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.

İxtisasartırma dövrünün müəyyən olunan minimum həddi müxtəlif ola bilər. Hər bir tələbə müəyyən edilmiş minimum hədd üzrə proqram həcmini mənimsə­dikdən və bu barədə müvafiq sertifikat aldıqdan sonra, bir ixtisasartırma dövrü üçün onun öhdəliyi başa çatmış hesab olunur.

Tələbələr bu dövrü başa vurduqdan sonra öz arzularına və fərdi tələbatlarına uyğun olaraq, digər ixtisasartırma təlimlərində də iştirak edə bilərlər.

İxtisasdəyişmə Tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası (həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətilləri dövründə aparılır.

Bütün hallarda tələbələrin köçürülməsi  (təhsil formasını və ixtisasını, təhsil aldığı universiteti, şəhəri və ya ölkəni dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilmir.

Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili Bu təhsil elmi-pedaqoji,  pedaqoji,  mühəndis-müəllim  kadrları,  sənaye, tikinti,  iqtisadiyyat, tibb, kənd təsərüffatı və s.  kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür.

Əsas məqsədi peşəkarlıq səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət edir. Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı mütəxəssisin ixtisas sahələri üzrə nəzəri bilikləri əsas götürülür.

Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı aşağıdakılar nəzərə alınır:

-müvafiq ixtisas üzrə nəzəri və təcrübi hazırlıq;

-nəzərdə tutulmuş problem üzrə yeniliklərin, müasir yanaşmaların əhəmiyyəti;

-mövzular üzrə diskussiyaların, məsləhət saatlarının təşkili;

-konfranslarda, müzakirələrdə, müşavirələrdə, işgüzar görüşlərdə, seminarlarda iştirak etmək;

-stajkeçmə və kadrların təkmilləşdirilməsinin nəticələri barədə hesabatın hazırlanması.

Stajkeçənin hüquq və vəzifələri aşağıdakılardır:

-müəssisənin daxili nizam-intizam qaydalarına riayət etmək;

-nəzərdə tutulan bütün tədbirlərdə fəal iştirak etmək;

-innovasiya metodlarını, təlim texnologiyalarını fəal və çevik şəkildə mənimsəmək;

-nəzərdə tutulan müddətin sonunda fərdi plana uyğun olaraq yazılı hesabat təqdim etmək.

Ustad dərsləri universitetimizdə akademik mübadilə sahəsi də aktiv fəaliyyət göstərir:  Türkiyə, Polşa, Fransa, İsveçrə, Almaniya, Yaponiya, Braziliya, ABŞ, MDB ölkələri və dünyanın digər ölkələrinin müəllimləri BSU-da mühazirə oxuyur və ustad dərsləri aparırlar. Belə ki;

  • Amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys BSU-da tələbələr üçün “bədii ədəbiyyatın tərcümə problemləri” mövzusunda mühazirə oxumuş və maraqlı ustad dərsi aparmışdır.
  • Çexiya Respublikasının Ostrava Universitetinin professoru, Slavistika kafedrasının doktoru, fəlsəfə fakültəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vityezlav Vilimek universitetimizdə “ümumi tərcümə” və “ardıcıl tərcümə qeydgötürmə texnikası” fənlərindən treyninq keçib.
  • Çexiya Respublikasının Karl Universitetinin çex dili üzrə elmlər namizədi İvana Bozdeçova Tərcümə fakültəsində T-204 (Çex dili) qrupuna mühazirələr oxumuş, interaktiv dərslər aparmışdır. İvana Bozdeçova Çexiyanın Azərbaycandakı səfirliyində tələbələrə Çex Respublikasının təhsil sittemi barədə məlumat vermişdir, eləcə də Karl Universiteti haqqında təqdimat etmişdir.

 

 Vebinar  internet üzərindən səsli və görüntülü təhsil, seminar edə biləcəyinizə şərait yaradan bir təhsil növüdür.

İki və daha çox insanın qarşılıqlı müzakirəsi, konfransların təşkil olunması, təqdimatların edilməsi üçün veb alətlərin rolu əvəzsizdir. Vebinar vasitəsilə dərsləri evdə, işdə və ya hər hansı restoranda rahat şəkildə izləmək olar. Dərsləri izləməkdən əlavə, onu tədris edən müəllimə onlayn şəkildə suallar da vermək mümkündür. Verilən suallara anında onlayn şəkildə cavab verilir.
Vebinar distant təhsil kateqoriyasına aid olub onun bir növüdür. Distant  Təhsil –  tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirilən təhsil formasıdır.

Vebinarın avantajları nələrdir?

  • Seminar və ya iclasların keçiriləcəyi yerə getməyinizə ehtiyac olmayacaq;
  • canlı, səsli, görüntülü interaktiv təlimdir;
  • bu təhsil vasitəsilə istənilən sualınızı verə bilərsiz;
  • eynilə iclaslarda olduğu kimi burada da yazı taxtası vardır;
  • bir mövzu üzərində müzakirələr apara bilərsiz və s.

Vebinar müxtəlif interaktiv imkanlar təklif edir:

  • Sual vermə;
  • Сhat;
  • Anket;
  • Sorğu;
  • Test etmə və s.